Marneulidə ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

9 Dekabr, 2019

Gürcüstanın Marneuli rayonunda görkəmli dövlət və siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Gürcüstanın Azərbaycanlı Əlillər Assosiasiyasının təşkil etdiyi tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Bolnisi rayon icra hakimiyyəti başçısının müavini Longinoz Həsənov, səfirliyin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, Marneuli, Bolnisi, Dmanisi və Rustavinin ictimai fəalları, din xadimləri, əlillər iştirak ediblər.
Böyük öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə “Borçalı-İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov, Əlillər Assosiasiyasının sədri Rövşən Əliyev, səfir Dursun Həsənov, millət vəkili Azər Süleymanov, “Həyat” fondunun prezidenti, xeyriyyəçi Hacı Nuran Hüseynov, din xadimi Hacı Ağa Əli Qarabağlı və başqaları çıxış ediblər. Natiqlər Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək, onun həyat və fəaliyyətinə nəzər salıblar, dahi liderin Azərbaycan-Gürcüstan dostluğunun möhkəmlənməsindəki rolunu vurğulayıblar.
Bildirilib ki, hər iki dövlət eyni dövrdə və demək olar ki, eyni yolu keçməklə müstəqilliyinə qovuşub. Müstəqilliyin ilk illərində, məhz böyük öndərin səyi nəticəsində dostluq münasibətlərimiz yeni müstəvidə inkişaf etməyə başlayıb. Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə regionda irimiqyaslı layihələrin həyata keçirildiyi, bu layihələrin dövlət müstəqilliyimizin təminatçısı olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Heydər Əliyev Gürcüstanda yaşayan azərbaycanlılara daim diqqət və qayğı ilə yanaşıb. Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də soydaşlarımıza həmin diqqəti göstərir. Azərbaycan dövləti Gürcüstanda yaşayan əlillərin sosial qayğılarını öyrənir və onların problemlərinin həllinə köməklik göstərir.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsinin Gürcüstanda yaşayan soydaşlarımızın qəlbində daim yaşayacağını bildiriblər.
Sonra “Heydər Əliyev – Dahi şəxsiyyət” adlı sənədli film nümayiş etdirilib, ulu öndərin ruhuna dualar oxunub.