Misirdə Nəsimi irsi tədqiq olunub

6 Dekabr, 2019

Misirdə Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yaradıcılığına dair elmi-tədqiqat işi yerinə yetirilib. Tədqiqat “Vətənpərvər” – Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin dəstəyi ilə ərsəyə gəlib.

Misirin əl-Əzhər Universitetinin "Humanitar Fənlər Fakültəsi"nin magistratura tələbəsi Həcər Karara "İmadəddin Nəsimi Şirvani" adlı elmi işini uğurla mudafiə edərək magistr adını qazanıb. Tədqiqat 604 səhifədən ibarətdir. Əsər üç fəslə bölünüb. Bir fəsildə şairin doğma vətəni olan Azərbaycanın tarixi, coğrafiyası və mədəniyyəti haqqında geniş məlumat da verilib.

Qeyd edək ki, gənc alimin Nəsimi mövzusuna müraciət etməsi təsadüfi olmayıb. Bir neçə il öncə “Vətənpərvər” – Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov magistraturada təhsil alan tələbəsi Həcər Kararaya Nəsimi haqqında geniş məlumat verərək, şairin həyat və yaradıcılığını araşdırmağı ona tövsiyə edib.

Birliyin sədri hesab edir ki, Vətənimizi dünyada təbliğ etməyin önəmli yollarından biri də azərbaycanlı alimlərin irsinin yenidən tədqiq edilməsi, araşdırmalar vasitəsilə Azərbaycan haqqında geniş məlumatların dərc edilməsidir və Misirdəki soydaşlarımız bu sahədə fəaliyyətlərini davam etdirəcəklər.