Ölkəmiz Dünya Multikulturalizm Festivalında təmsil olunub

3 Dekabr, 2019

Azərbaycan diasporunun üzvləri Kanadanın paytaxtı Ottava şəhərində keçirilən Dünya Multikulturalizm Festivalında (The World Multicultural Festival) ölkəmizi təmsil ediblər. "Qarabağ" Azərbaycan Dili Məktəbinin heyəti və Ottavada fəaliyyət göstərən azərbaycanlı icmasının üzvləri tədbirə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə qatılıblar.
Məşhur "Horticultural Building"də (Hortikalçral Bildinq) təşkil edilən tədbirdə Ottava şəhərinin meri Cim Vatson, icma və infrastruktura naziri Ketrin Makkenna, deputat Mari-Frans Lalond, 60-dan çox ölkənin icması və yerli sakinlər iştirak ediblər. Festival iştirakçıları milli adət-ənənə, geyim və folklor nümunələrini nümayiş etdiriblər.
Azərbaycan güşəsində dövlət bayrağımız, xəritəmiz, Vətənimizdən bəhs edən kitablar, milli musiqi alətləri, geyimləri, suvenirlər, ölkəmizdə istehsal olunan məhsullar nümayiş olunub. İcmamızın üzvü Fidan Kərimi yerli sakinlərə ölkəmizin qədim tarixi, Azərbaycan həqiqətləri, mədəniyyəti və turizm imkanları haqqında geniş məlumat verib. Azərbaycan çayina, nar şirəsinə və şirniyyat məmulatlarına qonaq edilən yerli sakinlərə üzərində qədim və müasir memarlıq abidələrimiz təsvir olunan stikerlər paylanılıb.
Azərbaycana və Bakı şəhərinə virtual turların təşkil olunması, ölkəmizə dair viktorinaların keçirilməsi, qaliblərə müxtəlif hədiyyələrin, o cümlədən üzərində Qız Qalası təsvir edilən, "Qız Qalası", "Azərbaycan" sözləri yazılan və QR kodu yerləşdirilən eko çantaların təqdim olunması qonaqların böyük marağına səbəb olub. Belə ki, QR kodu smartfon vasitəsilə köçürüldükdə, Azərbaycan Turizm Bürosunun internet səhifəsinə keçid yaranır. Çanta və digər çap materiallarının dizaynı azərbaycanlı dizayner Aydan Sadixbəyliyə məxsusdur.
Festivalda milli rəqslərin təqdimatı zamanı Torontoda yaşayan həmyerlimiz, rəqqas Orxan İslamov tamaşaçılara "Şalaxo" ("Şələqoy") rəqsini ifa edib. Onun məharətli çıxışı tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.