Daşkənddə tələbələr Azərbaycan Mədəniyyət Mərkəzindəki muzeylərə ekskursiya edib

22 Noyabr, 2019

“Azərbaycanı tanıdaq” layihəsi çərçivəsində Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunun və Dəmiryol Mühəndisləri İnstitutunun tələbələri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuş muzeylərə ekskursiya ediblər.

Öncə tələbələr Mərkəzin foyesindəki kitab, şəkil və suvenirlərdən ibarət sərgi ilə tanış olublar. Rəsm, əl işləri dərnəyinin şagirdlərinin çəkdikləri tablolar və milli mədəniyyətimizə dair hazırladıqları maraqlı suvenirlər tələbələrin böyük marağına səbəb olub. Sərgidə Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatına dair özbəkcə çap edilən nəşrlər, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı kitablar nümayiş etdirilib.

Sərgi ilə tanışlıq zamanı qonaqlara xalqımızın qədim tarixi, mədəniyyəti, Azərbaycan-Özbəkistan dostluğundan danışılıb, bu dostluğun möhkəmlənməsində, xalqlarımız arasında əlaqələrin gələcək inkişafında gənclərin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb.

Sonra gənclər Mərkəzdəki Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi və Xalça Muzeyi ilə tanış olublar. Buradakı eksponatlar, qədim abidələrin maketləri, arxeoloji tapıntılar, tariximizdən, mədəniyyət və sənətkarlığımızdan bəhs edən xalçalarımız və onların üzərindəki naxışlar gənclərdə böyük maraq oyadıb. Sonda tələbələrə Azərbaycan tarixi və mədəniyyətinə həsr olunmuş kitablar hədiyyə olunub.

Muzeylərə ekskursiyaların gələcəkdə də təşkil edilməsi nəzərdə tutulur.