“Ceyran” rəqs ansamblı Bakıdakı festivalda çıxış edib

19 Noyabr, 2019

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Azərbaycan Vətənimdir" rəqs festivalı keçirilib.

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə Gürcüstanda fəaliyyət göstərən "Ceyran" rəqs ansamblı da iştirak edib. Azərbaycanlı gənc oğlan və qızlardan ibarət olan ansambl tamaşaçılara Azərbaycan və gürcü rəqslərini təqdim edib. Tamaşaçılar istedadlı gənc həmvətənlərimizin çıxışlarını böyük maraq və alqışlarla qarşılayıblar.

Festivalın keçirilməsində məqsəd mədəni irsimizin, folklorumuzun, qədim rəqslərimizin uşaqlara və yeniyetmələrə təqdim edilməsi, bu incəsənət növünün gözəlliklərinin, incəliklərinin nümayiş olunması, uşaq-gənclər inkişaf mərkəzləri arasında dostluq körpüsünün yaradılması, möhkəmləndirilməsi və təcrübə mübadiləsinin aparılması olub.

Tədbirin sonunda rəqs qrupunun üzvləri və xoreoqraflar diplom və hədiyyələrlə təltif olunublar.