Praqada “Buta” həftəsonu məktəbi fəaliyyətə başlayıb

13 noyabr 2019

Praqada yaşayan soydaşlarımızın övladları “Buta” həftəsonu məktəbinin ilk dərsində iştirak ediblər.

Məktəb “Çex Respublikasında Azərbaycan İcması”nın (“Azerbaijani Community in the Czech Republic”) təşəbbüsü ilə ölkəmizin Çex Respublikasındakı səfirliyinin binasında fəaliyyətə başlayıb.

Məktəbdə ayda iki dəfə dərslər keçiriləcək və şagirdlər yaş fərqinə görə iki qrupda təhsil alacaqlar. Tədris prosesinə cəlb olunmuş müəllimlər Leyla Musayeva və Rəna Abubəkirova şagirdlərə Azərbaycan əlifbasını və Azərbaycan dilini, eləcə də başqa fənləri öyrədəcəklər.

Dərs öncəsi “Çex Respublikasında Azərbaycan İcması”nın sədri Eldar Vəliyev şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Qeyd edilib ki, məqsəd – tarixi Vətənimizdən uzaqda böyüyən yeni nəslə doğma dilimizi öyrətmək, onları xalqımızın adət-ənənələri, tarixi, mədəni irsi ilə tanış etməkdir. O, məktəbin yaradılmasına dəstək göstərən Çex vətəndaşı, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Çex Respublikasındakı nümayəndəsi Elşad Tağıyevə minnətdarlığını bildirib.