Odessada erməni təxribatının qarşısı alınıb

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi Odessa regional təşkilatı şəhərin “Fresh market” ticarət mərkəzində ermənilərin təxribatçı hərəkətinin qarşısını alıb. Diaspor nümayəndələrinin müdaxiləsi ilə “Artsax” adlı erməni restoranının fəaliyyəti dayandırılıb.
Belə ki, soydaşlarımız adıçəkilən ticarət mərkəzinin rəhbərliyi ilə görüşərək, burada işğalçı Ermənistanın Azərbaycan torpaqlarında qurduğu separatçı rejimin adını daşıyan kafenin fəaliyyət göstərməsinin yolverilməz olduğunu bildiriblər. Onlar ticarət mərkəzinin rəhbərliyindən ermənilərə məxsus kafenin adının dəyişdirilməsini və ya fəaliyyətinin dayandırılmasını xahiş ediblər.
Ticarət mərkəzinin rəhbərliyi isə, öz növbəsində, Azərbaycan diasporunun müraciətinə operativ reaksiya verərək aidiyyatı problemin həlli ilə bağlı orqanlara göstəriş verib. Beləliklə, görüşdən qısa müddət sonra Odessa şəhərinin “Fresh market” ticarət mərkəzindəki ermənilərə məxsus “Artsax” kafesinin fəaliyyəti dayandırılıb.