"Ruhlandıran qadınlar"ın növbəti qonağı azərbaycanlı polis zabiti olub

12 noyabr 2019

Londonda Böyük Britaniyanın Azərbaycanlı Qadınlarının Assosiasiyasının (AWAUK) üzvləri, orda yaşayan azərbaycanlı xanımlar və xarici qonaqlar Vestminster dairəsinin polis zabiti Nərgiz Məmmədova ilə görüş keçirib.

"Ruhlandıran qadınlar" layihəsi çərçivəsində baş tutan görüş Assosiasiyanın təşkilatçılığı ilə gerçəkləşdirilib. Tədbir gender bərabərliyinə və qadın zorakılığına qarşı mübarizə yollarına həsr olunub.

Assosiasiyanın təsisçisi Ülviyə Tağızadə bildirib ki, N.Məmmədovanın tədbirə dəvət olunması təsadüfi olmayıb, çünki polis zabiti olan həmvətənimizin hekayəsi onlara çox maraqlı görünüb: "Zərif qızın özünə ənənəvi kişi peşəsini seçməsi özü-özlüyündə artıq çağırışdır. Bundan başqa, Nərgiz böyük vətənpərvərdir və London ictimaiyyətinin Azərbaycan haqqında məlumatlandırılmasına həsr olunan tədbirlərdə də fəal iştirak edir".

Qeyd edilib ki, N.Məmmədova 10 ildən artıqdır Londonda yaşayır və işləyir. O, təkcə qeyri-adi peşəsilə fərqlənmir. Miss-Vestminster gözəllik müsabiqəsinin qalibi olan soydaşımız Liverpul Houp Universitetinin biznesin idarəolunması ixtisası üzrə magistr dərəcəsinə malikdir və hazırda köləliyin müasir formaları ilə mübarizə məsələlərində ekspertdir.

Tədbir zamanı N.Məmmədova ailə zorakılığının qurbanlarına kömək etməyin yollarından, müəyyən ehkam və damğaların təsiri altına düşmədən hər bir hala obyektiv yanaşmağın vacibliyindən danışıb. Tədbir çoxsaylı sualların cavablandırılması ilə yekunlaşıb.