Qazaxıstanda "Xalqın birliyi - ölkənin gücüdür" adlı tədbir olub

09 noyabr 2019

Almatıdakı Respublika Dostluq Evində azərbaycanlı icmasının "Xalqın birliyi - ölkənin gücüdür" adlı mədəniyyət və ənənələr günü keçirilib.

Tədbirdə Qazaxıstan Xalqı Assambleyasının sədr müavini, Assambleya Katibliyinin müdiri Janseit Tuymebayev, "Azərbaycanlıların Assosiasiyası" ictimai birliyinin sədri Əbülfəz Xamedov, Azərbaycan Qazaxıstandakı Səfirliyinin Almatıdakı nümayəndəliyinin konsulu Ramil Rzayev, deputatlar, elm və incəsənət xadimləri, etnomədəni birliklərin, vətəndaş cəmiyyətinin, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Festival çərçivəsində "Xalqın birliyi - ölkənin gücüdür" mövzusunda dəyirmi masa, tətbiqi-dekorativ sənəti sərgisi, "Kitab - xalqın ruhunu anlamağın yoludur" sərgisi, yaradıcı kollektivlərin konserti təşkil edilib, eləcə də milli mətbəx nümunələri təqdim olunub.

Tədbirin keçirilməsində əsas məqsəd ictimai barışın və ümummilli birliyin möhkəmləndirilməsi, Qazaxıstandakı etnosların mədəniyyətinin populyarlaşdırılması, əməkdaşlığın və dostluq əlaqələrinin genişləndirilməsidir.

Mərasimdə çıxış edən QXA-nın sədr müavini Janseit Tuymebayev bildirib ki, azərbaycanlı iş adamları, mühəndislər, elm, təhsil, mədəniyyət və idman xadimləri ölkənin siyasi, iqtisadi, mədəniyyət və idman sahələrində inkişafına öz töhfələrini verirlər. O, qeyd edib ki, belə azərbaycanlılara bütün qazaxıstanlılar böyük hörmətlə yanaşırlar.

Qeyd edək ki, hazırda Qazaxıstanda 110 mindən artıq azərbaycanlı yaşayır.