Özbəkistanda Məhəmməd Füzuli adına Mərkəz açılıb

01 noyabr 2019

Daşkənddəki Əlişir Nəvai adına Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində dahi şair Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzinin açılış mərasimi keçirilib.
Tədbirdə Universitetin rəhbərliyi, tanınmış alimlər, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) nümayəndələri, diaspor və KİV təmsilçiləri iştirak ediblər.
Universitetin rektoru Şuxrat Siracəddinov, AMM-nin direktoru Samir Abbasov və digər natiqlər bu əlamətdar hadisə münasibətilə iştirakçıları təbrik ediblər. Tədbirdə Məhəmməd Füzulinin yaradıcılığına Özbəkistanda böyük sevgi olduğu, yaradılan Mərkəzin elm, təhsil və ədəbi əlaqələr sahəsində körpü rolu oynayacağı qeyd edilib. Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, ədəbiyyatının yüksək səviyyədə təbliği, burada yaradılan kitabxananın Azərbaycana dair yeni nəşrlərlə təmin ediləcəyi bildirilib.
Mərkəzdə iki xalq arasında dostluğa, mədəni-ədəbi əlaqələrə, dövlət atributlarımıza və milli mədəniyyətimizə dair guşələr yaradılıb.
Sonda mərkəzə ölkəmizi, Azərbaycan dilini, ədəbiyyatını və mədəniyyətini təbliğ edən nəşrlər, M.Füzulinin kitabları, əsərlərinə çəkilən miniatürlər, görkəmli ədiblərimizin portretləri, Azərbaycan xalçası və suvenirlər hədiyyə edilib.