Amerika yəhudi icması Azərbaycan ilə əlaqələrə xüsusi önəm verir

01 noyabr 2019

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Amerika yəhudi icmasının nümayəndələri ilə görüşüb.

Fuad Muradov belə görüşlərin artıq ənənəvi hal aldığını, eləcə də Amerika yəhudi icması ilə dostluq və əməkdaşlığın bariz nümunəsi olduğunu bildirib. O qeyd edib ki, Amerika yəhudi icması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yaxından iştirak edir.

Azərbaycanın diaspor siyasəti, Komitənin gördüyü işlər, müxtəlif diaspor təşkilatları, icmalar ilə qurulan əlaqələr, eyni zamanda, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, erməni lobbisinin və ermənipərəst qüvvələrin dünyanın hər yerində, o cümlədən ABŞ-da vaxtaşırı olaraq təxribat xarakterli əməllər törətməsi barədə qonaqlara ətraflı məlumat verilib.

Qonaqpərvərliyə görə təşəkkürlərini bildirən Amerika yəhudi icmasının üzvləri Azərbaycana səfərlərindən məmnun olduqlarını qeyd edib, ölkəmizlə əlaqələrə xüsusi önəm verdiklərini diqqətə çatdırıblar.

Qonaqlar keçirdikləri görüşlərlə bağlı təəssüratlarını bölüşüb, ölkəmizin tarixinə və mədəniyyətinə maraqlarını ifadə ediblər.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə edilib.