Soydaşlarımızın fəaliyyəti Xarkovda yüksək qiymətləndirilir

30 oktyabr 2019

Ukraynada “Xarkov səninləyik” xeyriyyə fondunun “Ənənənin doqquz ömrü” adlı ümumukrayna forum-seminarı keçirilib. Ukrayna mədəniyyət fondunun dəstəyi və təşkilatçılığı ilə baş tutan tədbir yerli və bu ölkədə yaşayan digər xalqların adət-ənənələrinin öyrənilməsinə, qorunub saxlanılmasına və tanıdılmasına həsr olunub.
Xarkov vilayətinin dövlət administrasiyasının birinci müavini Anatoli Babiçevin, mədəniyyət və turizm idarəsinin müdiri Oleq Yatsinin qatıldığı tədbirdə ölkənin 12 vilayətinin, eləcə də Xarkovdakı azərbaycanlı, yunan, alman və qazax icmalarının nümayəndələri iştirak ediblər.
Forum-seminarda Kiyev Milli texnologiya və dizayn universitetinin aspirantı Elnarə İsgəndərovanın “Kəlağai – Azərbaycan toy geyiminin ənənəvi elementi” mövzusundakı məruzəsi, tədbirin axşam proqramında “Aynur-Xatun” azərbaycanlı qadınların vilayət cəmiyyətinin prezidenti Kifayət Cəfərovanın rəhbərliyi ilə Azərbaycan toy geyimlərinin (bəy və gəlin), xalq rəqslərinin, milli mətbəx nümunələrinin, müxtəlif oyunların nümayişi tədbirdə iştirak edən qonaqların böyük marağına səbəb olub
Soydaşlarımızın fəallığını yüksək qiymətləndirən “Xarkov səninləyik” xeyriyyə fondunun direktoru Yelena Rofe-Beketova Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkür məktubu ünvanlayıb. Məktubda tədbirin hazırlanmasında və keçirilməsində fəal iştirak edən azərbaycanlı icması ilə əməkdaşlığı davam etdirmək niyyəti vurğulanıb.