Toronto Universitetində Nəsimi gecəsi keçirilib

29 oktyabr 2019

Toronto Universitetinin Emmanuel kollecində Azərbaycanın dahi və görkəmli şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Tədbir Toronto Universiteti rəhbərliyinin və Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin (AQDM) birgə təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşib.
"Nəsimi yaradıcılığında mənəviyyat və kamil insan" mövzusundan bəhs edilən gecədə AQDM-in İdarə Heyətinin üzvü Könül Qurbanova, fəlsəfə doktorları Nevin Reda əl-Tahiri, Laori Silvers (Laury Silvers), Emmanuel kollecinin professoru Nazilə İsgəndərova və ilahiyyatçı alim Elsevər Səmədov çıxış ediblər. Natiqlər Nəsimi yaradıcılığından, onun fəlsəfi baxışlarından, dünya mədəniyyətinə bəxş etdiyi töhfələrdən danışıblar.
Tədbirin bədii hissəsində Nəsiminin şeir və qəzəlləri azərbaycanca və ingiliscə təqdim olunub, “Dalğa” musiqi qrupunun müşayiətilə şairin şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib, “Sarı gəlin” rəqsi ifa edilib, EL TV-nin rəhbəri Elçin Muxtarovun böyük şair haqqında hazırladığı videoçarx nümayiş olunub.
Gecədə ölkəmizin Kanadadakı müvəqqəti işlər vəkili Fuad Əliyev də iştirak edib.
Qeyd edək ki, qeyri-hökumət təşkilatı olan Azərbaycan Qadınlarına Dəstək Mərkəzi 2005-cı ildən Kanadada fəaliyyət göstərir.