İstanbulda Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib

23 oktyabr 2019

İstanbulda Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunmasının 28 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.
Tədbirdə İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu, baş katibi Mətin Yıldırım, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin Yıldız Texnik Universitetinin professoru Adil Allahverdiyev və digərləri Dövlət Müstəqilliyi Günü münasibətilə xalqımızı və mərasim iştirakçılarını təbrik ediblər. Natiqlər Azərbaycanın dövlət müstəqilliyinin bərpası tarixindən danışaraq, həmin illərin ölkə üçün çox mürəkkəb və çətin dövr olduğunu yada salıblar. Türkiyə Cümhuriyyətinin Azərbaycanın müstəqilliyini ilk olaraq tanıdığı, iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi, ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı işğalçı siyasət yürütdüyü, xalqımızın Ulu öndəri Heydər Əliyevin ölkənin müstəqilliyini əzmlə qoruduğu, yorulmaz fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaqdan və parçalanmaqdan xilas etdiyi, dövlətin inkışafı üçün misilsiz xidmətlər göstərdiyi, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın daha da güclənib, beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrildiyi vurğulanıb.
Sonda Azərbaycanın keçdiyi yolu və mədəniyyətini əks etdirən videoçarx təqdim olunub.