Rusiyanın müxtəlif şəhərlərində Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib

21 oktyabr 2019

Rusiyanın Pyatiqorsk və Arxangelsk şəhərlərində Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunmasının 28-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.
“Araz” Azərbaycan Cəmiyyətinin təşkilati dəstəyilə baş tutan tədbirdə Pyatiqorsk, Kislovodsk, Yessentuki, Minvod, Stavropol şəhərləri, İnquşetiya, Kabardino-Balkariya və Qaraçay-Çərkəz Respublikaları üzrə diaspor icmalarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin müstəqillik yolundan bəhs edən video-çarx nümayiş olunub. Bu tarixi hadisə münasibətilə soydaşlarımızı təbrik edən icma rəhbərləri bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin dahi siyasəti, fədakarlığı, yorulmaz fəaliyyəti nəticəsində dövlət müstəqilliyimiz dönməz xarakter aldı və hazırda Prezident İlham Əliyev bu kursu yüksək səviyyədə davam etdirir.
Daha sonra bayram münasibətilə təşkil olunmuş futbol yarışı keçirilib.
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Rusiyanın şimal-qərb hissəsinin böyük elm, mədəniyyət və sənaye mərkəzi olan Arxangelsk şəhərində də qeyd edilib. “Dvina” otelinin konfrans zalında gerçəkləşən tədbiri “Arxangelsk vilayətinin Azərbaycan diasporu” təşkil edib.
Vilayətin hökumət nümayəndələrinin, deputatların, mədəniyyət və incəsənət xadimlərinin, azərbaycanlı icmanın üzvlərinin iştirak etdiyi tədbirdə çıxış edən vilayətin qubernator müavini, yerli hökumətin layihələr üzrə sədr müavini Viktor İkonnikov, Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov soydaşlarımızı bayram münasibətilə təbrik ediblər. Onlar Azərbaycan-Rusiya arasında mehriban qonşuluq siyasətinin və dostluq münasibətlərinin qorunub saxlanılmasında görkəmli dövlət xadimi və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərindən, Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsindən, diaspor üzvlərinin bölgənin həyatında fəal iştirakından danışıblar.