Dərbəndli aktyorlar ölkəmizdə qastrolda olublar

16 oktyabr 2019

Dağıstan Respublikasının Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri başa çatıb.

Oktyabrın 11-dən 15-dək davam edən səfər zamanı teatrın kollektivi ölkəmizin Masallı, Lənkəran, Beyləqan rayonlarında və Xırdalan şəhərində “Rəngsaz” komediyası ilə çıxış edib. Tuncar Cücenoğlunun pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar artisti Sərvər Əliyevdir.

Xoreoqrafiya və müsiqi ilə müşayiət olunan tamaşa hər yerdə anşlaqla keçib. Tamaşaçılar aktyorların parlaq oyununu yüksək qiymətləndiriblər. Hər tamaşadan sonra yerli icra hakimiyyətlərinin, mədəniyyət şöbələrinin nümayəndələri seyrçilərə yaşadılan gözəl anlar üçün teatrın direktoru, Dağıstanın Əməkdar mədəniyyət işçisi Firdovsi Əsgərova, baş rejissor Sərvər Əliyevə və aktyor heyətinə minnətdarlıqlarını bildiriblər.