Rusiyalı soydaşlarımız Konstantin Zatulinin cəzalandırılmasını tələb edirlər

15 oktyabr 2019

Moskva Azərbaycanlıları İcması (MAİ) Rusiya Federasiyası Dövlət Dumasının deputatı Konstantın Zatulinin Azərbaycanın işğala məruz qalmış ərazisində – Xankəndində separatçılar tərəfindən keçirilmiş beynəlxalq forumda yol verdiyi növbəti təxribat xarakterli çıxışına etirazını bildirib.
Dövlət Dumasının sədri Vyaçeslav Volodinə və Xarici işlər naziri Sergey Lavrova ünvanlanan müraciətlərdə bildirilib ki, MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə komitə sədrinin birinci müavini kimi vəzifə daşıyan bir şəxsin “Mən əminəm ki, Rusiya Federasiyası dövlət kimi Qarabağ münaqişəsinin ədalətsiz həllinə yol verməyəcək. Rus xalqı ilk növbədə vicdan və ədaləti qiymətləndirir. Onlar isə sizin tərəfinizdədir” açıqlaması yolverilməzdir.
BMT, Rusiya, hətta Ermənistan tərəfindən tanınmayan qondarma respublikada keçirilmiş foruma Zatulinin kimin dəvəti ilə yollandığı, kimi, hansı təşkilatı və hansı adla təmsil etdiyi, onun fikirlərinin Rusiya dövlətinin, Dövlət Dumasının rəsmi mövqeyi olub-olmadığı və s. suallara cavab tələb edən MAİ spikerin və nazirin diqqətini deputatın açıqlamalarının tutduğu vəzifələrlə uyğun gəlmədiyinə cəlb edib: “Qarabağ münaqişəsinin ədalətsiz həlli nə deməkdir?”.
Sonda çoxmillətli rusiyalıların fikrini ifadə edən MAİ deputat K.Zatulin barədə lazımı tədbirlər görülməsini tələb edib. Bu tələblərə etik normalara əməl etmədiyi üçün təkcə deputat kimi deyil, həm də Dövlət Dumasının komitə sədrinin birinci müavini kimi Zatulini Rusiya hüdudlarından kənarda çıxış etmək hüququndan məhrum etmək, MDB ölkələri İnstitutunun təsisçiləri qarşısında direktor vəzifəsinə uyğun gəlməməsi, RF Təhlükəsizlik Şurasının üzvləri qarşısında isə Elmi Şuranın üzvlüyündən çıxarılması məsələləri daxildir.
Xatırladaq ki, oktyabrın 11-də “Ədalət və Sülh naminə əməkdaşlıq” konfransında çıxış edən K.Zatulin münaqişənin “Dağlıq Qarabağ xalqı” nın maraqlarına uyğun ədalətli həll olunacağına ümid etdiyini bildirib. Bu zaman o, Rusiyanın 2 milyonluq erməni diasporunun və Rusiyanın digər xalqlarının qondarma Qarabağ rejiminin dostu olduğunu qeyd edib.