Kaliforniyadakı festivalda ölkəmiz təmsil olunub

15 oktyabr 2019

ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhərində “İrvin Qlobal Kənd Festival”ı (“Irvine Global Village Festival”) keçirilib.

50-dən çox ölkənin qatıldığı beynəlxalq festivalda Vətənimizi Kaliforniya-Azərbaycan Dostluq Assosiasiyası təmsil edib. Los-Ancelesdəki Baş Konsulluğumuzun dəstəyilə qurulan Azərbaycan guşəsində ölkəmizi vəsf edən müxtəlif kitablar, jurnallar, milli geyimlər, xalçalar, qədim məişət avadanlıqları, mətbəx nümunələri, bannerlər, suvenirlər nümayiş olunub. Assosiasiya üzvləri ölkəmizin coğrafi mövqeyi, əsrarəngiz təbiəti, memarlıq abidələri, qədim tarixi, zəngin mədəniyyəti, musiqisi, mətbəxi, həmçinin turizm imkanları barədə festival iştirakçılarına və qonaqlara ətraflı məlumat veriblər.

Bu məlumatlar, eləcə də milli geyimlərimiz, rəqslərimiz və mətbəx nümunələrimiz tədbir iştirakçılarında böyük maraq yaradıb.