Müstəqilliyin 27-ci ildönümünə həsr olunmuş konsert proqramı təşkil edilib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Respublika” Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistandakı Azərbaycan səfirliyinin nəzdində fəalliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Milli Mərkəzinin və Özbəkistan Respublikasının bir sira dövlət qurumlarının birgə təşkilatçılığı ilə konsert proqramı təşkil edilib.
Azərbaycan və Özbəkistan incəsənət ustalarının iştirak etdiyi konsert proqramı “Turkiston” Respublika Sarayında təşkil olunub. Konsert Azərbaycan və Özbəkistan respublikalarının dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr edilib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev tədbiri giriş sözü ilə açaraq təşkil olunan konsertin dövlətlərarası dostluğun göstəricisi olduğunu qeyd edib. Özbəkistanın Nazirlər Kabineti yanında Xarici ölkələrlə dostluq əlaqələri və millətlərarası münasibətlər üzrə Komitənin sədri Rüstambek Qurbanov isə Azərbaycan Milli Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək, Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib. O, Azərbaycan-Özbəkistan dostluğunun qədim tarixi haqqında məlumat verib. Xalqlarımızın eyni mədəniyyətə, dilə, adət-ənənələrə malik olduğunu qeyd edən Komitə sədri, müstəqilliyimizin, dostluğumuzun əbədi olması və bu istiqamətdə daim geniş təbliğat aparılmasının vacibliyini vurğulayıb.
“Azərbaycan qızları” rəqs ansamblının da çıxış etdiyi proqramda Azərbaycan müğənnilərinin repertuarlarında milli və özbək mahnıları ifa edilib.
Qeyd edək ki, konsertdə dövlət nümayəndələri, səfirlər, diplomatlar, ictimaiyyət nümayəndələri, soydaşlarımız və jurnalistlər iştirak ediblər.