Azərbaycanlı gənclər idman festivalında fəal iştirak edib

07 oktyabr 2019

4 oktyabr 2019-cu il tarixində Cənubi Koreyanın Seul şəhərində 100-cü Milli İdman Festivalının açılış mərasimi keçirilib. 4-10 oktyabr tarixləri arasında baş tutacaq idman festivalında 17 müxtəlif şəhər və regionu təmsil edən 30 mindən çox idmançı iştirak edəcək. Koreyada yaşayan xarici vətəndaşların da qatıldığı idman festivalının açılış mərasimində ölkə prezidenti Moon Jae-In də iştirak edib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “BUTA” Azərbaycan-Koreya Dostluq Assosiasiyası ölkəmizi festivalda təmsil edib. Təntənəli açılış paradın-da Assosiasiyasının sədri, “Nəsimi 650” Diaspor Gənclərinin II yay düşərgəsinin iştirakçısı Mikayıllı Nazim, hal-hazırda Koreyada təhsil alan Ağanemət Daşqınlı və İsa Qafarlı iştirak ediblər.

Koreyada yaşayan azərbaycanlıların yaratdığı ilk və yeganə diaspor təşkilatı olan “BUTA” Azərbaycan-Koreya Dostluq Assosiasiyası festivalda ölkəmizi 2 idman növü üzrə təmsil edib.

05 oktyabr tarixində müxtəlif ölkələri təmsil edən 16 komandanın iştirak etdiyi futbol yarışlarına start verilib. İlk oyunda “Dasom” komandası ilə qarşılaşan komandamız 9-1 hesabı ilə inamlı qələbə qazanaraq ¼ final mərhələsinə vəsiqə qazanıb.

Stolüstü tennis yarışlarında isə ölkəmizi Xalid Hüseynov təmsil edib. İlk görüşdə İndoneziyalı idmançıya qalib gələn həmyerlimiz növbəti mərhələyə yüksəlib.