"Azərbaycan dünyası" jurnalının Almatıda təqdimat mərasimi keçirilib

04 oktyabr 2019

Qazaxıstan Respublikasının Almatı şəhərindəki Milli Kitabxanasında "Azərbaycan dünyası" (World of Azerbaijan) jurnalının bu ölkəyə həsr olunmuş xüsusi yubiley buraxılışının təqdimat mərasimi keçirilib.
Tədbirdə Almatı şəhərinin vəzifəli şəxsləri, Qazaxıstanın tanınmış elm, mədəniyyət, incəsənət, din xadimləri, diplomatik korpusun, yerli hakimiyyətin, KİV-lərin, ictimai təşkilatların, Azərbaycanın, eləcə də burada yaşayan digər xalqların diaspor nümayəndələri və tələbələr iştirak ediblər.
Qazax xalqına, onun ilk Prezidenti Nursultan Nazarbayova, Qorqud Ata irsini qoruyub saxlamış əfsanəfi şəxsiyyət Yeley Kuşerbayevə, türk dünyasının müqəddəs məbədi olan Türkistana və bir çox məşhur şəxsiyyətlərə həsr olunmuş xüsusi buraxılışı tədbir iştirakçılarına tanınmış yazıçı və ictimai xadim, Azərbaycanın böyük dostu Oljas Suleymenov təqdim edib.
"Dədə Qorqud" Milli Fondunun rəhbəri Eldar İsmayılov çıxışı zamanı Qazaxıstan-Azərbaycan əlaqələrindən danışıb və bu əlaqələrin yüksələn xətt üzrə getdiyini bildirib. O, jurnalın hazırlanmasında məqsədin də məhz bu əlaqələrə töhfə vermək olduğunu vurğulayıb.
Tədbirdə Rusiya konsulluğunun müşaviri Y.Sokolov, Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti T.Atayev, akademik K.Amanjolov, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin dekanı İ.Paltore və başqaları çıxış edərək, tədbiri Azərbaycan və Qazaxıstan tarixində önəmli hadisə kimi dəyərləndiriblər. Natiqlər bildiriblər ki, jurnalın xüsusi buraxılışının tamamilə Qazaxıstana həsr olunması strateji tərəfdaşlar olan iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirən mədəni-humanitar əlaqələrdən xəbər verir. Çünki məhz mədəni-humanitar körpülər xalqları yaxınlaşdırır və strateji əməkdaşlığa öz töhfəsini verir.
Sonda E.İsmayılov təntənəli şəkildə Oljas Süleymenova "Vətən övladı" qızıl ordenini təqdim edib. O, bildirib ki, yazıçı bu mükafata "Dədə Qorqud" Milli Fondunun Ali Ağsaqqallar Şurasının və "Azərbaycan Dünyası" jurnalının qərarı ilə layiq görülüb. Təltif zamanı E.İsmayılov Bakıdakı 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqını dəstəklədiyi üçün O.Süleymenova dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, "Dədə Qorqud" Milli Fondu və "Azərbaycan dünyası" jurnalının məqsədi Türk dünyası xalqlarının birliyi, tarixi Vətənimizdən kənarda yaşayan soydaşlarımızın həmrəyliyi, xalqlar və ölkələr arasında dostluq əlaqələrinə nail olmaqdır.