Seyran İsmayılxanovun səsi Almaniyanı “silkələdi”

27 Sentyabr, 2019

Almaniyada yaşayan həmyerlimiz müğənni Seyran İsmayılxanov səsi ilə "Almaniyanın səsi" müsabiqəsində hər kəsi valeh edib.

Müğənni çıxışı ilə müsabiqəyə damğa vurub. Müsabiqədə Mustafa Sandalın "Aya benzer" adlı mahnısını ifa edən Seyran İsmayılxanov 4 münsifin 4-nü də döndürməyə nail olaraq studiyadakıları özünə heyran qoyub.

Seyran İsmayılxanov yarışmada qazandığı uğuru və keçirtdiyi xoşbəxtliyini belə ifadə edib:

"Çox uzun zamandır bu günü gözləyirdim və nəhayət ki, "The Voice of Germany" müsabiqəsinin iştirakçısı olduğumu açıqlayıram!"

Qeyd edək ki, Seyran İsmayılxanov 5 dildə - rus, Azərbaycan, ingilis və alman dilində söz yazıb, mahnı bəstələyir.

O, bir neçə dəfə "Eurovision”un Azərbaycan üzrə milli seçim turlarında iştirak edib. Onun mahnıları nəinki Almaniyada, həmçinin Azərbaycanda, Türkiyədə və dünyanın digər ölkələrində populyarlıq qazanıb.

Onu da deyək ki, S.İsmayılxanov Moskvada, Qazaxıstanda, Türkiyədə, Tacikistanda, Azərbaycanda, Fransada və Almaniyanın bir sıra şəhərlərində solo konsertlərlə çıxış edib. O, həmçinin Tacikistan müğənnisi Təhminə Niyazova ilə duet oxuyub.

S.İsmayılxanovun dörd mahnısını T.Niyazova oxuyaraq, albomuna da daxil edib.

2012-ci ildə Monteneqroda keçirilən beynəlxalq "Suncane Skale 2012” festivalında mətnini və musiqisini özü yazdığı "Sunshine” mahnısı ilə Azərbaycanı ilk dəfə olaraq məhz S.İsmayılxanov təmsil edib.

S.İsmayılxanov həmçinin 2013-cü ildə Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar görkəmli bəstəkar Rauf Hacıyevin "Bahar sənsiz” adlı mahnısını oxuyaraq, klip çəkdirmişdi. Həmin mahnı dünyanın bir çox müğənnilərin ifalarından ibarət "Babilon Bar-3” adlı yığma alboma da daxil edilmişdi.

Onu da deyək ki, Seyran İsmayılxanov Almaniyanı "Türkvision 2016”da təmsil edib.