Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub

17 Sentyabr, 2019

Qərbi Qazaxıstan vilayətində Azərbaycan-Qazaxıstan dostluq parkı inşa ediləcək. “Jangir xan” və “Azərbaycan” küçələrinin kəsişməsində yerləşəcək parkın tikintisini Azərbaycan Etnik-Mədəniyyət Mərkəzi həyata keçirəcək.

Bu münasibətlə keçirilən təməlqoyma mərasimində Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov və Qərbi Qazaxıstan vilayətinin akimi (qubernatoru) Qali İskaliyev iştirak ediblər. Tədbirdə çıxış edənlər məmnunluqla qeyd ediblər ki, Azərbaycan cəmiyyəti Uralskın və bütövlükdə bölgənin inkişafı üçün çoxsaylı işlər görür. Onlar xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənəcəyini və gələcəkdə öz bəhrəsini verəcəyini vurğulayıblar.

Qeyd edək ki, parkda iki xatirə abidəsi qurulacaq. Bunlardan biri təməli Ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulan dostluq abidəsi, digəri isə azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirə abidəsi olacaq. Qədirbilən qazax xalqı H.Z.Tağıyevin 1911-ci ildə “Qazaxıstan” qəzetinin nəşrində yaranan çətinliyi aradan qaldırmaq üçün maddi yardım göstərdiyini unutmayıblar. Abidələrin müəllifi azərbaycanlı memardır.

Gələn həftədən tikintisinə başlanılacaq parkın 2020-ci ilin may ayında istifadəyə verilməsi planlaşdırılır.