Azərbaycanlı şairələrin əsərləri Beynəlxalq festivalda səslənib

17 Sentyabr, 2019

Finlandiyanın ikinci şəhəri sayılan Tamperedə Beynəlxalq incəsənət festivalı keçirilib. Tampere Poeziya Klubunun təşkilatçılığı ilə keçirilən tədbir “Qadın səsi” müsiqili-poeziya gecəsi ilə açılıb. Tədbirdə təkcə Finlandiyanı deyil, bütün Avropanı təmsil edən mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Gecədə şeirlər məşhur aktrisa və müğənni Pirkko Uyttonun ifasında və orkestrin müşayiətilə təqdim olunub. Bu şeirlərin arasında azərbaycanlı şairələrin Tamperedə nəşr olunmuş “Gedim, azca ağlayım” antologiyasına daxil edilən əsərləri də olub. Qeyd edək ki, həmin şeirləri fin dilinə soydaşımız Tahirə Cəfərova tərcümə edib.

Pirkko Uytto çıxışına Məhsəti Gəncəvinin rübailərindən başlayıb, daha sonra Xalq şairi Niqar Rəfibəylinin üç şeirini oxuyub. O, çıxışını gənc şairə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Gedim, azca ağlayım” şeiri ilə tamamlayıb.

Tədbir iştirakçıları azərbaycanlı şairələrin əsərlərini böyük coşqu və alqışlarla qarşılayıblar.