“Russki vestnik” jurnalında Azərbaycandan bəhs olunub

11 Sentyabr, 2019

Monteneqroda dərc olunan “Russki vestnik” (“Русский вестник”) jurnalının son buraxılışında Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadənin müsahibəsi dərc olunub.

Müsahibədə Azərbaycan-Monteneqro əlaqələri, Mərkəzin həyata keçirdiyi layihələr və tədbirlər, Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti, Azərbaycan-Rusiya əlaqələrinin səviyyəsi haqqında ətraflı söz açılıb.

Həmyerlimiz bildirib ki, mərkəzin Monteneqrodakı əsas missiyası Azərbaycan mədəniyyətini, tarixini, ədəbiyyatını tanıtdırmaq, iqtisadi əlaqələrin inkişafı, iki ölkənin potensialının rasional qiymətləndirilməsi, onun vaxtında və səmərəli şəkildə istifadəsidir. Onun fikrincə, xalqlarımız arasında dostluq əlaqələri müxtəlif təqdimatların, konfransların, sərgilərin, konsertlərin keçirilməsi, iki dövlətin əlamətdar tarixlərinin birgə bayram edilməsi yolu ilə möhkəmləndirilir.

“Hərçənd diasporumuz burada elə də böyük deyil, amma Azərbaycana rəğbətlə yanaşan yerli sakinlər çoxdur. Demək olar ki, bütün tədbirlərimiz kütləvi şəraitdə keçir. Monteneqronun sakinləri fəal şəkildə hər işimizdə bizi dəstəkləyirlər. Yeri gəlmişkən, Podqoritsada Bakı küçəsi var və burada Azərbaycanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin büstü qoyulub”.