Dövlət Komitəsində beynəlxalq təşkilatla əməkdaşlıq imkanları müzakirə edilib

06 Sentyabr, 2019

Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) COJEP beynəlxalq təşkilatının rəhbəri Əli Gedikoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. COJEP-in Avropa Parlamenti ilə iş şöbəsinin müdiri İfakat Yuna, Avropa Birliyi ilə əlaqələr koordinatoru Sati Arık və BMT üzrə əlaqələr koordinatoru Dudu Keleşin daxil olduğu nümayəndə heyətinə DİDK-nın fəaliyyəti haqqında məlumat verilib.

Görüşdə Azərbaycanla Türkiyənin strateji münasibətlərindən və hər iki ölkə diasporunun birgə fəaliyyətindən bəhs olunub. Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsi ilə COJEP arasında qarşılıqlı əməkdaşlığın qurulması yolları ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu əməkdaşlıq Azərbaycan diasporunun beynəlxalq qurumlara çıxışının təmin edilməsinə və mövqelərinin güclənməsinə öz töhfəsini verə bilər. Sonda qərara allınıb ki, tezliklə birgə fəaliyyətin yol xəritəsi hazırlansın və tərəflərin müzakirəsinə verilsin.