Qlobal Kalqari Festivalında mədəni dəyərlərimiz sərgilənib

03 Sentyabr, 2019

Kanadada keçirilən Qlobal Kalqari Festivalında “Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti” (“ALACS”) də iştirak edib. Hər il Kalqari şəhərində təşkil edilən və çoxsaylı müxtəlif icmaların mədəni dəyərlərinin nümayiş etdirildiyi festival yerli cəmiyyətin maarifləndirilməsinə xidmət edir.

Bu ölkədə yaşayan soydaşımız İradə Şamilovanın əlaqələndiriciliyi və könüllülərin təşkilatçılığı ilə yaradılmış Azərbaycan pavilyonunda milli mədəniyyətimizi əks etdirən əl işləri və süvenirlər sərgilənib, ölkəmiz haqqında ətraflı məlumat verilib. “ALACS” könüllüləri Emili və Timur Qubskilərin milli rəqsləri, Vədad Rzalının pianinoda Azərbaycan musiqisini ifa etmələri maraqla qarşılanıb.

“ALACS” gələcəkdə də Kanadada təşkil ediləcək festivallarda ölkəmizi təmsil etməyi planlaşdırır.