Seulda Azərbaycan mətbəxi nümayiş etdirilib

03 Sentyabr, 2019

“BUTA” Azərbaycan-Koreya Dostluq Assosiasiyası hər il ənənəvi olaraq Seul şəhərində keçirilən "Seul Dostluq Festivalı-2019”da iştirak edib.

Soydaşlarımızın festivalda iştirakı Azərbaycanın Koreyadakı Səfirliyinin dəstəyi və "Grante" nar şirələrinin bu ölkədəki rəsmi distribütoru olan "BUTA International" şirkətinin sponsorluğu ilə baş tutub.

Dünyanın 60-dan çox ölkəsinin qatıldığı festivalda müxtəlif xalqların milli mədəniyyət, incəsənət və mətbəx nümunələri nümayiş olunub.

Yerli sakinlərlər yanaşı, tədbirdə iştirak edən turistlər tərəfindən də böyük maraqla qarşılanan Azərbaycan pavliyonunda xalqımıza məxsus olan təamlar və şirniyyat nümunələri qonaqlara təqdim olunub, onların çoxsaylı sualları cavablandırılıb və ölkəmiz haqqında ətraflı məlumat verilib.

Azərbaycan mətbəxilə ilk dəfə tanış olduqlarını söyləyən koreyalılar təamlarımızı çox bəyəndiklərini bildiriblər. Odur ki, 50 milyondan çox əhalisi olan Cənubi Koreyanın ən böyük axtarış sistemi sayılan “Naver”də iki gün ərzində “Azərbaycan” kəlməsinin ən çox aranan sözlər içərisində 1-ci yerə çıxması ölkəmizə yaranan marağın nəticəsi kimi qiymətləndirilə bilər.