Soydaşlarımız Leninoqorsk məktəblilərini sevindiriblər

29 Avqust, 2019

Tatarıstanın Leninoqorsk şəhərində respublika miqyaslı “Məktəbə hazırlaşmağa kömək et – 2019!” xeyriyyə aksiyası keçirilib. “Yubiley” parkında baş tutan aksiya zamanı xeyriyyəçilərin adından birinci sinfə getməyə hazırlaşan uşaqlara məktəb ləvazimatları ilə dolu çantalar hədiyyə edilib.

Tədbirdə çıxışı zamanı şəhər meri, “Vahid Rusiya” partiyasının yerli şöbəsinin katibi Ryaqət Husainov bildirib ki, iyuldan başlanan hazırlıq işi nəticəsində 130 nəfər birinci sinif, ümumiyyətlə isə 400 nəfərə yaxın şagirdin məktəbə hazırlıq məsələsini həll etmək mümkün olub.

Balacaları sevindirən xeyriyyəçilər arasında “Birlik” diaspor təşkilatımız da olub. Həmvətənlərimiz məktəblilərə təkcə məktəb ləvazimatları deyil, həm də meyvə sovqatları bəxş ediblər. Bu fəal iştiraka görə “Birlik” təşkilatının sədri Ramiz Məmmədov təşəkkürnamə ilə təltif edilib.

Qeyd edək ki, bir müddət əvvəl – Qurban bayramı zamanı “Birlik” diaspor təşkilatı hədiyyə və sovqatlarla şəhər uşaq evinin balaca sakinlərini sevindirmişdi.