Soydaşlarımızdan voleybolçularımıza azarkeş dəstəyi

28 Avqust, 2019

Budapeştin "Papp Laszlo Sport Arenası"nda qadın voleybolçular arasında Avropa Çempionatının final mərhələsinin qrup oyunları keçirilir. C qrupunda yer alan Azərbaycan millisi növbəti mərhələyə keçmək üçün Macarıstan, Hollandiya, Xorvatiya, Ruminiya və Estoniya voleybolçuları ilə mübarizə aparır.

Təqdirəlayiqdir ki, Macarıstanda yaşayan soydaşlarımız idmançılarımızı bu gərgin yarışda yalnız qoymayıblar. Azərbaycan Voleybol Federasiyasının dəstəyi və Azərbaycan Diaspor Gənclərinin təşkilatçılığı ilə soydaşlarımız komandamıza azarkeşlik ediblər.

Avqustun 26-da millimizin Macarıstan komandası ilə görüşü zamanı icma üzvlərinin yüksək səslə şüarlar səsləndirməsi, xor halında mahnılar oxuması voleybolçularımızın ev sahibi üzərində mühüm qələbə qazanması üçün həvəsləndirici amil olub. Oyun başa çatdıqdan sonra idmançılarımız tribunaya qalxaraq, qələbənin sevincini həmyerlilərimizlə bölüşüblər.