Həmyerlimiz “Şərəf nişanı”na layiq görülüb

26 Avqust, 2019

Kiyev şəhər dövlət administrasiyası Ukraynanın xalq artisti Qurban Abbasovu “Şərəf nişanı” ilə təltif edib.

Administrasiyada keçirilən təntənəli mərasim zamanı şəhər başçısı Vitali Kliçko döş nişanını və fərmanı həmyerlimizə təqdim edib. O, Kiyev şəhərinin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə, paytaxtın maraqlarının beynəlxalq aləmdə qorunmasında və irəli çəkilməsində fəal iştirakına görə bu yüksək mükafata layiq görülüb.

Qeyd edək ki, Q.Abbasovun rəhbərlik etdiyi Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi milli mədəniyyətimizi və incəsənətimizi Ukraynada fəal təbliğ edir, iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın inkişafı üçün birgə layihələr həyata keçirir.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi yüksək mükafat münasibətilə həmyerlimizi təbrik edir, ona yaradıcılıq uğurları arzulayır!