Tanınmış pianoçu Nərgiz Əliyarova ilə görüş keçirilib

9 Avqust, 2019

Niyazinin mənzil-müzeyində Azərbaycanın Əməkdar artisti, tanınmış pinoçu Nərqiz Əliyarova ilə görüş keçirilib.

Tədbiri açan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Müzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, şöbə müdiri Xanım Abdinova hazırda Birləşmiş Ştatlarda yaşayan professor N.Əliyarovanın həyat yolu və yaradıcılığı, ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstriya, İtaliya, Rusiya kimi ölkələrdə verdiyi konsertlər, milli musiqimizin təbliği yolunda göstərdiyi xidmətlər barədə ətraflı məlumat veriblər. Azərbaycan mədəniyyətini, musiqisini beynəlxalq aləmdə və dünya müsiqisi çərçivəsində təbliğ etmək üçün onun Nyu-Yorkda “Milli musiqi və qlobal mədəniyyət” cəmiyyəti təsis etdiyinə diqqət cəlb edilib. Məqsəd – Azərbaycan musiqisini ABŞ sakinləri üçün əlçatan etmək, milli mahnılarımızın bütün gözəlliyini nümayiş etdirməkdir. Çıxışlar əməkdar artistin yaradıcılıq yolundan bəhs edən slayd-şou və konsertlərindən video görüntülərlə müşayiət olunub.

Bakıya hər gəlişi zamanı musiqi yaradıcılığındakı yenilikləri, konsert fəaliyyətindəki zəngin təcrübəsini, eləcə də ölkəmizdən kənarda əldə etdiyi nailiyyətləri pərəstişkarları və həmkarları ilə bölüşməkdən məmnunluq duyduğunu söyləyən həmvətənimiz fortepianoda bır sıra musiqi əsərlərini ifa edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Qeyd edək ki, indiyə qədər Nyu Yorkda “Milli Musiqi və Qlobal Mədəniyyət” Cəmiyyətinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə, Qara Qarayevin yaradıcılığına, 28 may – Respublika Gününə və Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Azərbaycan Multikulturalizmi” və “Odlar Yurdu” adlı konsertlər və sair tədbirlər keçirilib.