Amerikada mötəbər yarışa çıxan soydaşımıza dəstək olaq

17 iyul 2019

Avqustun 16-da ABŞ-ın Nyu Cersi ştatında keçiriləcək qaydasız döyüş növləri üzrə yarışda Nyu Yorkda yaşayan həmyerlimiz Elgün Xanoğlanlı mübarizə aparacaq. Ölkə tarixində ilk dəfə bir azərbaycanlı UFC`ə (Ultimate Fight Championship – Qaydasız Döyüş Çempionatı) lisenziya uğrunda yarışacaq.

Qeyd edək ki, Elgün Xanoğlanlı qaydasız döyüş növü üzrə Azərbaycan, Avropa və dünya çempionu adına layiq görülüb. Dünyanın bir sıra ölkələrində - İtaliya, İran, Türkiyə, Estoniya, Belarusiya, Gürcüstan, Şimali Kiprdə Azərbaycanı layiqincə təmsil edib.

Hazırda Nyu York şəhərində yaşayan Elgün Xanoğlanlı "Bruklin MMA" idman klubunun UFC ulduzu olan Diaz qardaşlarının zalında məşq edir. Avqustun 16-da o, Nyu Cersi ştatının Atlantik Siti şəhərindəki Hard Rock Casino’da yarışa çıxacaq və UFC`ə (Ultimate Fight Championship) lisenziya uğrunda mübarizə aparacaq.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq, bu həlledici döyüşdə bütün soydaşlarımızı Elgün Xanoğlanlıya dəstək olmağa çağırırıq!