Rusiyadakı soydaşlarımız “MeqaFon”un Azərbaycana qarşı hörmətsizliyinə etiraz edirlər

15 iyul 2019

Rusiyanın iri rabitə şirkətlərindən biri olan “MeqaFon” mobil operatoru Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik nümayiş etdirib.

Rusiyadakı “Ümumdünya Azərbaycan Mədəniyyəti Fondu” şirkətin menyusunda (mövcud olan əmtəələrin və malların buraxılış qiymətlərinin siyahısı/yemək və xörək adlarını və onların qiymətlərini göstərən sənəd) Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərməsini ölkəmizə qarşı təxribat kimi dəyərləndirərək, qərarın dərhal dəyişdirilməsini tələb edib.

Fondun bəyanatında deyilir: “Rusiyanın tanınmış mobil operatoru “MeqaFon” növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib. Beynəlxalq hüquqa, dünya tərəfindən tanınmış beynəlxalq sərhədlərə, Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə baxmayaraq,“MeqaFon” növbəti dəfə öz preyskurantında Azərbaycanın ayrılmaz hissəsi olan və Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərib. Hətta Azərbaycana və onun separatçı bölgəsi olan Dağlıq Qarabağa danışıq tariflərini fərqləndirmək və şirkət abonentlərinin diqqətini cəlb etmək naminə hər dəqiqə üçün 25 və 20 rubl müəyyən edib”.

Fond hesab edir ki, “MeqaFon”un bu hərəkəti erməni separatçılarının maraqları üçün atılan biabırçı hərəkət və açıq-aşkar təxribatdır: “Biz iri telekommunikasiya şirkətinin bu cür davranışına görə çox möhkəm narahatıq və onun Azərbaycana qarşı təxribatçı hərəkətini kəskin şəkildə qınayırıq”.

Soydaşlarımız şirkətə xatırladıblar ki, ərazisində hüquqi şəxs kimi fəaliyyət göstərdiyi Rusiya Federasiyası Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, eyni zamanda ölkəmizi özünün bölgədə ən etibarlı strateji tərəfdaşı hesab edir: “Bu yaxınlarda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tam tərkibdə Rusiyanın bu quruma tam hüquqlu üzv kimi bərpasının lehinə səs verməsi bunun sübutlarından biridir. Halbuki Ermənistan nümayəndə heyətinin yalnız yarısı Rusiyanın AŞPA-da hüquqlarının bərpa olunması qərarını dəstəkləmişdi”.

Qurum qeyd edib ki, “MeqaFon”un yolverilməz hərəkəti 1997-ci il iyulun 3-də Azərbaycan Prezidenti Heydər Əliyevlə Rusiya Prezidenti Boris Yeltsinin imzaladığı “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” dövlətlərarası müqaviləsinin ruhuna və mahiyyətinə ziddir: “Beləliklə, öz preyskurantında Dağlıq Qarabağı ayrıca dövlət quruluşu kimi göstərməklə, “Meqafon” Rusiya və Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik barədə Müqaviləni kobudcasına pozur” .

Hazırda Rusiya ilə Azərbaycanın separatçı meyllərə qarşı birgə mübarizə apardıqlarını vurğulayan soydaşlarımız 90-cı illərin sonlarında və 2000-ci illərin əvvəlində Rusiyanın Şimali Qafqaz bölgəsində silahlı separatizmə və dini ekstremizə qarşı mübarizədə məhz rəsmi Bakının rəsmi Moskvaya fəal şəkildə kömək etdiyini, öz ərazisindən yaraqlılara kömək göstərilməsi üçün istifadə olunması yönündə istənilən cəhdin qarşısının sərt şəkildə alındığını yada salıblar: “Şirkətdə bilməlidirlər ki, “Dağlıq Qarabağ Respublikası” kimi beynəlxalq hüquqi subyekt yoxdur. Bu bölgə beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ərazisi kimi tanınır və BMT-nin Ermənistan qoşunlarının işğal edilən Azərbaycan torpaqlarından, o cümlədən Dağlıq Qarabağdan çıxarılması ilə bağlı 4 qətnaməsi var. Bu fonda “MeqaFon”un açıq-aşkar anti-Azərbaycan davranışı çox qəribə görünür. Güman ki, şirkət rəhbərliyində erməni mənşəli Qarabağ separatçılarına rəğbət duyan şəxslər işləyir və onların təsiri altında “MeqaFon” öz arayış kitabçasında Dağlıq Qarabağa ayrıca beynəlxalq danışıq tariflərinin tətbiq olunmasına dair qərar qəbul edib”.

Həmvətənlərimizin fikrincə, bütün bunlar yüksəlişdə olan Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq üçün qəsdən düşünülmüş addımdır: “Biz çox təəssüflənirik ki, soydaşlarımız arasında olduqca populyar və sevimli olan şirkət Azərbaycana qarşı təxribatçı hərəkətlərə yol verib. Bu gün Rusiyada yaşayan və işləyən yüz minlərlə azərbaycanlı “MeqaFon”un xidmətlərindən yararlanır. Biz şirkət rəhbərliyini durumu nəzərə almağa və Azərbaycana qarşı təxribatçı hərəkətlərə son qoymağa çağırırıq”.