Diaspor Gənclərinin II Yay Düşərgəsinin təntənəli açılışı olub

9 iyul 2019

“Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi”nə start verilib. Şamaxı şəhərinə yola düşməkdən öncə düşərgə iştirakçıları Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər. Sonra gənclər Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı uğrunda həlak olan vətən övladlarının ruhu qarşısında baş əyiblər.

Düşərgə iştirakçılarının təntənəli qarşılanma mərasimi Şamaxı şəhərinin mərkəzindəki İmadəddin Nəsiminin heykəli qarşısında baş tutub. Şəhər ictimaiyyəti qonaqları milli rəqslər və musiqi sədaları altında coşğu ilə qarşılayıblar.

İyulun 9-da düşərgə iştirakçıları Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Daha sonra Mədəniyyət Mərkəzində düşərgənin təntənəli açılış mərasimi keçirilib. Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqları salamlayıb və “Nəsimi ili”ndə dünya azərbaycanlılarının qədim Şamaxıda bir araya gəlməsini müsbət hadisə kimi qiymətləndirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Diaspor Gənclərinin Yay Düşərgəsinin ardıcıl olaraq ikinci dəfə təşkil olunduğunu və xaricdə yaşayan onlarla soydaşımızın məhz bu irimiqyaslı layihə çərçivəsində tarixi vətəninə gəldiyini diqqətə çatdırıb. Komitə sədri düşərgənin mahiyyəti, dövlətin diaspor siyasətində bu layihənin yeri və hədəfləri barədə ətraflı məlumat verib, iştirakçılara uğurlar arzulayıb. O bildirib ki, Diaspor Gənclərinin Yay Düşərgələri həm ölkə daxilində, həm də xaricdə yaşayan gənc azərbaycanlılar arasında böyük rəğbət qazanıb.

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin aparıcı məsləhətçisi Natiq Əliyev və başqaları çıxış ediblər. Natiqlər düşərgənin Azərbaycan diaspor hərəkatının güclənməsində, yeni nəsil diasporun formalaşmasında, xüsusilə xaricdə yaşayan gənclərin şəbəkələşməsində əvəzsiz rol oynadığını diqqətə çatdırıblar.

Bədii hissəsində Nəsimi poeziyasından şeirlərin təqdim edildiyi, muğam, xalq və bəstəkar mahnılarının ifa olunduğu mərasim ziyafətlə başa çatıb.

Qeyd edək ki, II Yay Düşərgəsinin proqramı olduqca zəngindir. Proqramda xaricdəki diplomatik nümayəndəliklərin rəhbərləri, bəzi xarici ölkələrin Azərbaycandakı səfirləri, eləcə də ictimai xadimlər və media nümayəndələri ilə görüşlər, müxtəlif təlimlər, tarixi məkanlara ekskursiyalar və s. nəzərdə tutulub. Düşərgə çərçivəsində Dünya Azərbaycanlıları Gənclər Forumunun da keçirilməsi planlaşdırılıb.

Yay Düşərgəsi iyulun 14-də başa çatacaq.

Xatırladaq ki, Diaspor Gənclərinin II Yay Düşərgəsi Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə keçirilir. “Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi” layihəsinin həyata keçirilməsində Beynəlxalq Bank, Kapital Bank, “Sirab” mineral sular zavodu ASC və PAŞA Sığorta Şirkəti yaxından iştirak edir.