“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsi başa çatdı

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən düşərgəyə avqustun 22-də start verilib. Avqustun 27-də isə “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsi işini uğurla başa vurub. Düşərgə müddətində diaspor gəncləri üçün peşəkar mütəxəssislərin iştirakı ilə “Mənim dilim” təlimləri təşkil edilib, “Vətəni tanı” mövzusunda viktorina və yarışlar keçirilib. Yay düşərgəsində miqrasiya, gənclər siyasəti, mədəniyyətlərarası dialoq, diasporun inkişafı, idman və digər mövzularda panellər təşkil edilib. Düşərgənin proqramında vətənpərlərlik mövzuları geniş yer alıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası haqqında düşərgə iştirakçılarına ətraflı məlumat verilib. Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş soydaşlarımız və Aprel qaziləri ilə görüşlər təşkil edilib.
Avqustun 27-də axşam Şəki Olimpiya İdman Kompleksində Diaspor Gənclərinin I Yay Düşərgəsinin bağlanış mərasimi olub. Diaspor gənclərinə düşərgədə fəal iştiraklarına görə təşəkkür edilib və sertifikatlar təqdim olunub.