"Qarabağ" məktəbində Milli Ordu Günü qeyd olunub

26 iyun 2019

Fransanın Nant şəhərindəki "Qarabağ" məktəbində Azərbaycan Silahlı Qüvvələrinin yaranması münasibətilə tədbir keçirilib.

Məqsəd - azərbaycanlı məktəblilərin vətənpərvərlik ruhunun yüksəldilməsi, eləcə də uşaqların Vətənimizi böyük rəşadət və şərəflə qoruyan igid zabit və əsgərlərimizə hörmət və sevgilərini nümayiş etdirmələri olub.

Tədbir zamanı Silahlı Qüvvələrimizin yaradılması və keçdiyi yol barədə ətraflı məlumat verilib. Sonra məktəblilər görkəmli şairlərimizin Azərbaycana və ordumuza həsr etdikləri şeirlərini söyləyiblər. Sonda bütün tədbir iştirakçıları "Azərbaycan əsgəri" marşını ifa ediblər.

Xatırladaq ki, bu ilin aprelindən azərbaycanlıların kompakt yaşadıqları Nant şəhərində fəaliyyətə başlayan "Qarabağ" məktəbi Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə əsasən yaradılıb.