Milanda Fikrət Qocanın və Rəşad Məcidin yaradıcılıq gecələri keçiriləcək

24 iyun 2019

İyulun 2-dən 6-dək Cüzeppe Verdi adına Milan Dövlət Konservatoriyasının "Verdi zalı"nda poeziya, musiqi, rəqs, mahnı, rəsm və digər sənət növlərini özündə birləşdirən ənənəvi performans həftəsi keçiriləcək.

Bədii qiraət layihəsi çərçəvəsində baş tutacaq tədbirin bədii rəhbəri Milan Konservatoriyasının professoru, şair, bəstəkar, Vladimir Delman adına xorun bədii rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Davide Gualtieridir.

Bu yaradıcılıq gecələrində şairlərin həyat və yaradıcılığından ətraflı danışılacaq, müasir şairlərin yazdıqları müdrik şeirlərin üslubu və izahatı veriləcək.

Dünyanın müxtəlif şairlərinin yaradıcılığına həsr edilən layihədə Azərbaycan şairlərinə iki gün vaxt ayrılıb. İyulun 2-də "Şərqin səsləri" adı altında Xalq şairi Fikrət Qoca və iyulun 4-də isə "525-ci qəzet"in baş redaktoru, AYB-nin katibi, şair Rəşad Məcidin yaradıcılıq gecəsi keçiriləcək.

Fikrət Qocanın və Rəşad Məcidin İtaliyada nəşr olunan kitablarından seçilmiş şeirlər hər iki dildə, musiqi, rəqs, xor və rəsm əsərlərinin müşayiətilə təqdim olunacaq.

Qeyd edək ki, şairlərimizin şeirlərini italyan dilinə Davide Gualtieri çevirib, sətri tərcümə isə İtaliyadakı "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanın Əməkdar artisti, xoreoqraf Mais Nuriyevindir.

Tədbiri tanınmış jurnalist Stefano Ghezzi idarə edəcək. Mərasimdə Milan Konservatoriyasının xor və orkestrinin, Milan Orizon rəqs akademiyasının tələbələrinin, vokalçı (soprano) Kseniya Dementyevanın, tanınmış musiqiçi Maestro Giovanni Hofferin, xoreoqraf Mais Nuriyevin, Enza Aurilionun və digər sənətkarların iştirakı gözlənilir.

Layihə çərçivəsində filmlər də nümayiş etdiriləcək.