Dövlət Komitəsinin nümayəndə heyəti İordaniyaya səfər edib

21 iyun 2019

İyunun 17-də Əmman şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin İordaniya Haşimilər Krallığının Parlamentində görüşü keçirilıb.

Qonaqları qəbul edən senator, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Mərvan Əl Hmud iki dost ölkə arasında siyasi, iqtisadi və mədəni münasibətlərin yüksək səviyyədə qurulmasından, Azərbaycana səfərləri zamanı xalqımızın ümümmilli lideri Heydər Əliyevlə və Prezident İlham Əliyevlə görüşlərindən, rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edib.

Komitənin şöbə müdiri Fuad Kərimov dövlətimizin diaspor siyasəti, təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr, soydaşlarımızın İordaniya cəmiyyətinə inteqrasiya prosesi barədə senatora ətraflı məlumat verib.

Görüşdə komitənin əməkdaşı İsmayil Ənsəri, Azərbaycanın İordaniyadaki Səfirliyinin müşaviri Elnur Şahhüseynov, jurnalist Xədicə Kamal və diaspor rəhbəri Zümrüd Dadaşova da iştirak ediblər.

Daha sonra nümayəndə heyəti İordaniyada yaşayan, fəaliyyət göstərən və təhsil alan bir qrup azərbaycanlı gənclə görüşüb.

Görüş zamanı soydaşlarımız 2018-ci ildə Azərbaycanda keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” ("What do I know about Azerbaijan?") müsabiqəsindəki iştirakları və Vətənə səfərlə bağlı təəssuratlarını bölüşüblər. Yerli cəmiyyətə sıx şəkildə inteqrasiya olmaq, Azərbaycanın daha geniş təbliğ və təmsil edilməsilə bağlı fikir mübadiləsi aparılıb və müxtəlif təkliflər səsləndirilib.

Tədbirdə çıxış edən F.Kərimov dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibətilə iyulda Şamaxıda təşkil edilən Diaspor Gənclərinin II Yay Düşərgəsində iştirak edəcək gənclərə uğurlar arzulayıb. Gənclərə düşərgə müddətində fəal və təşəbbüskar olmaq, burada dostlaşdıqları yaşıdları ilə sıx əlaqə qurmaq, Vətənimizlə bağlı əldə edilən bilgiləri iordaniyalı dostlar və yaşıdlarla bölüşmək tövsiyə edilib. Düşərgənin dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlı gənclərin şəbəkələşməsi, onların Azərbaycanı yaxından tanıması, müxtəlif istiqamətlər üzrə geniş məlumat almaları üçün faydalı olacağı nəzərə çatdırılıb. Qeyd edilib ki, layihə Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən təşkil edilir.

Görüşdə komitənin əməkdaşı İsmayil Ənsəri və diaspor rəhbəri Zümrüd Dadaşova iştirak ediblər.