Parisdə “Azərbaycan miniatürləri” sərgisi keçirilib

20 iyun 2019

Parisdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Azərbaycan miniatürləri” sərgisi keçirilib.

Fransadakı Səfirliyimizin Mədəniyyət Mərkəzində açılış mərasimi keçirilən sərgidə rəssam Əli Seyranın əsərləri nümayiş olunub. Tədbir Azərbaycanın Fransadakı Səfirliyinin və “Oriental Fashion Show”nun dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan ADFA-nın prezidenti Günel Səfərova Azərbaycan dövlətinin Fransadakı tarixi abidələrin qorunması və restavrasiya olunması məqsədilə həyata keçirdiyi işlərdən, Belçikada yaşayan Ə.Seyranın yaradıcılığından və sərgiyə təqdim etdiyi əsərlərindən bəhs edib.

Ə.Seyran qeyd edib ki, İmadəddin Nəsiminin şerlərindən ilhamlanaraq, miniatür əsərlərində sufiliyi, dərviş həyatını, ov və müharibə səhnələrini canlandırıb.

Sərginin açılış mərasimində Jak Şirak adına Ke Branli (Musée du Quai Branly) muzeyinin idarə heyətinin üzvü Mahcub Berqiq, diplomat və fotoqraf Loran de Qoll (general Şarl de Qolun qardaşı nəvəsi), rejissor, ssenarist və prodüser Maksim Marduxayev (Lev Tolstoyun və Konstantin Stanislavskinin nəvəsi), APTAGAP Yeni Texnologiyaların Təşviqi Birliyi və AMSA Mədəniyyətlərarası mübadilə Assosiasiyasının prezidenti Aleksandr Buasson və digər tanınmış qonaqlar iştirak ediblər.