ABŞ-da yaşayan azərbaycanlı gənclər Diasporla İş üzrə Dövlət Komitəsində

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Amerika Birləşmiş Ştatlarında yaşayan və “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsində iştirak edən gənclərlə görüşüb. Görüşdə Yay Düşərgəsi ilə bağlı fikir mübadiləsi aparılıb, gənclərin təəssüratları dinlənilib. Qonaqlar düşərgənin böyük əhəmiyyət daşıdığını, onlara müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla daha sıx əlaqələr yaratmaq imkanı verdiyini qeyd ediblər. Komitə sədri Azərbaycan diaspor hərəkatının genişlənməsi üçün gənclərin üzərinə düşən vəzifələrdən danışıb, onların potensialını yüksək qiymətləndirib. Görüşdə I Yay Düşərgəsi iştirakçılarının təsis etdiyi “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb. Fuad Muradov Şəbəkə vasitəsilə Azərbaycan həqiqətlərinin dünyada, o cümlədən ABŞ-da daha geniş yayılması imkanlarını qeyd edib. Səmimi qəbul üçün minnətdarlıq edən gənclər növbəti düşərgələrdə də iştirak arzusunda olduqlarını bildirdilər.