İnteqrasiya Mərkəzində seminar keçirilib

13 iyun 2019

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) "Zərərli vərdişlər və onlarla mübarizə metodları" mövzusunda seminar keçirilib.

Tədbir Gürcüstan Yaşılay Cəmiyyəti (GYC) və GAİM-in birgə təşkilatçılığı ilə baş tutub.

Məqsəd – zərərli vərdişlərin törətdiyi fəsadlarla bağlı gənclərin maarifləndirilməsi, sağlam həyat tərzi sürməyin üstünlüklərinə diqqəti cəlb etmək olub.

Seminarda GAİM-in direktoru Aygül İsayeva, GYC-nın nümayəndəsi Həcər Mustafayeva çıxış edərək, bu mövzuda keçirilən görüşlərin gənclər üçün əhəmiyyətindən, Gürcüstan Yaşılay Cəmiyyətinin fəaliyyətindən danışıblar.

Tbilisi Dövlət Tibb Universitetinin məzunu, rezident İsa Xəmmədovun zərərli vərdişlər və onlarla mübarizə metodları barədə təqdimatından sonra seminar diskussiya ilə yekunlaşıb.