Komitə nümayəndələri Tatarıstanın mədəniyyət naziri ilə görüşüb

12 iyun 2019

İyunun 11-də Tatarıstanın mədəniyyət naziri İradə Ayupova Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev və eksperti Teymur Atayevlə görüşüb.

Görüş zamanı Tatarıstan və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına dair məsələlər müzakirə olunub, eləcə də gələcək müştərək tədbirlərin konturları müəyyənləşdirilib. İ.Ayupova Bulqar qoruq-muzeyinin ərazisində azərbaycanlı rəssam və fotoqrafların, Azərbaycanda isə Tatarıstanın yaradıcı şəxslərinin müştərək tədbirinin keçirilməsini təklif edib. O, kənd yerlərində qorunub saxlanılmış ənənəvi mədəniyyəti nümunə göstərib. Nazirin fikrincə, bu mədəniyyət xalqın daxili mahiyyətini əks etdirir və təsviri formada gənclər üçün əlçatan olur.
Fikir mübadiləsinin əhəmiyyətli hissəsi milli kadrların və istedadların qorunub saxlanılmasına həsr olunub. Bundan başqa, Sabantuy bayramının Azərbaycanda, Novruz bayramının Tatarıstanda keçirilməsi məsələsi müzakirə olunub.
Görüşdə Tatarıstandakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin fəalları da iştirak ediblər.