Nyu Yorkda Respublika Günü və Ramazan bayramı qeyd olunub

10 iyun 2019

İyunun 9-da Nyu-York şəhərindəki "Baku Nights" restoranında Azərbaycan Demokratik Respublikasının (ADR) 101-ci ildönümünə və Ramazan bayramına həsr olunmuş tədbir keçirilib. Bayram gecəsində Nyu-Yorkda və ABŞ-ın digər ştatlarında yaşayan soydaşlarımız iştirak ediblər.

Azərbaycan-Nyu York Assosiasiyasının təşəbbüsü ilə baş tutan tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlayıb. Gecədə assosiasiyanın başçısı Ercan Yerdələnli və vitse-prezidenti Zəminə Mirhadıyeva çıxış ediblər. Natiqlər 1918-ci il mayın 28-də ADR-in yaranması kimi tarixi hadisəni xalqımızın azadlığa, demokratiyaya, dövlət müstəqilliyinə və dünyəvi dəyərlərə sadiqliyinin bariz nümunəsi adlandırıblar. Onlar Ramazan ayında edilən duaların və niyyətlərin qəbul olunmasını, Vətənimizə və xalqımıza xoş günlərin nəsib olmasını arzulayaraq, hər iki bayram münasibətilə soydaşlarımızı təbrik ediblər.

Gecə Azərbaycan musiqisindən və rəqslərindən ibarət konsert proqramı ilə davam edib.