“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsində təhsil, miqrasiya və ASAN xidmətlə bağlı məlumatlandırma sessiyaları maraqla qarşılanıb

Yay Düşərgəsində peşəkar mütəxəssislərin iştirakı ilə təhsil, miqrasiya və ASAN xidmət sahələrini əhatə edən məlumatlandırma sessiyaları uğurla yekunlaşıb. Təhsil Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli sessiya iştirakçılarına təhsilin əhəmiyyəti və təhsildə yeni innovasiyalar haqqında danışıb. Həmçinin, o, Azərbaycanda məktəbəqədər təhsil, orta və orta-ixtisas təhsili sahələrində həyata keçirilən dövlət siyasətinin uğurlu nəticələrindən danışaraq, müəllimlərin diaqnostik qiymətləndirilməsi və əmək haqlarının artırılması barədə də ətraflı məlumat verib.
Tədbirin davamında ASAN xidmətlə bağlı informasiya verən ASAN nümayəndəsi Zəka Muradov diaspor gənclərinin müvafiq suallarını cavablandırıb. O, bu sahədə Azərbaycan modelinin dünyada böyük maraqla qarşılandığını və bəzi ölkələrdə, artıq bu təcrübənin tətbiqi istiqamətində araşdırmalar aparıldığını bildirib.
Daha sonra düşərgə iştirakçıları miqrasiya prosesləri barədə məlumatlandırılıb. Gəncə Regional Miqrasiya İdarəsinin rəisi, kiçik miqrasiya xidməti müşaviri Orxan Xıdırov iştirakçılarla görüşdə miqrasiya sahəsinda dövlət siyasəti, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Dövlət Miqrasiya Xidməti ölkədə miqrantların aşkarlanması, qanunlar çərçivəsində onların normal yaşayışının təmin olunması və fəaliyyət imkanlarını tənzimləyir.
İnteraktiv şəkildə keçən görüşdə diaspor gənclərinin çoxsaylı sualları cavablandırılıb, onların fikir və mülahizələri dinlənilib.