Vaterloo Universitetinin professoru İlham Axundovun 60 yaşı tamam olur

31 may 2019

Uzun illərdir Kanadada yaşayan, oradakı həmvətənlərimizin birliyi, eləcə də Azərbaycan həqiqətlərinin bu ölkənin ictimaiyyətinə çatdırılması naminə misilsiz xidmətlər göstərən soydaşımız Ilham Axundovun bu il 60 yaşı tamam olur.

Kanadanın Vaterloo Universitetinin riyaziyyat fakültəsinin Riyaziyyat və Biznes proqramları departamentinin direktoru olan İ.Axundov 1959-cu il iyunun 1-də Azərbaycanın dilbər guşələrindən birində – Lənkəranda dünyaya gəlib.

1975-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsinə daxil olan İ.Axundov 1981-ci ildə Leninqrad Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Daha sonra Leninqrad Dövlət Universitetinin aspiranturasını bitirərək, 1987-ci ildə professor V. Nevzorovun rəhbərliyi altında “Nizamlanmiş təsadüfi kəmiyyətlər və onların cəmləri üçün limit teoremləri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib.

İ.Axundov ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində ekspertdir. O, ehtimal nəzəriyyəsinin asimptotik metodlarına, sıra statistikası nəzəriyyəsinə ekstremal əhəmiyyətli əlavələrlə çox böyük töhfə verib. İ.Axundov üç dərslik və 30-dan çox elmi məqalənin müəllifidir.

Dünyada baş verən müsbət dəyişikliklər ona elmi karyerasını öncə Birləşmiş Ştatlarda, daha sonra Kanadada davam etdirmək imkanını qazandırıb. 1999-cu ildə ABŞ Dövlət Departamenti tərəfindən dünya alimləri arasında keçirilən çox nüfuzlu Fulbrayt müsabiqəsinin qalibi olan İ.Axundov Texas Universitetində tədqiqat aparmaq imkanı əldə edib. Bu tədqiqat işlərinin nəticələri elmi jurnallarda dərc edildikdən sonra İ.Axundov xarici universitetlərin bir neçəsindən dəvət alıb.

Professor İlham Axundov 2001-ci ildən bir müddət Kanadanın Makmaster (Hamilton) Universitetində çalışıb. 2007-ci ildən indiyədək isə karyerasını Kanadanın nüfuzlu Vaterloo Universitetinin Riyaziyyat Fakültəsində davam etdirir. Rəhbərlik etdiyi departamentdə 6 ixtisas üzrə 3 mindən çox tələbə oxuyur.
Bu ali məktəbin yeganə azərbaycanlı professoru olan İlham Axundov keçən ilin yekunlarına görə, Vaterloo Universitetində ən yüksək fəaliyyət mükafatına (outstanding performance award) layiq görülüb.

Elmi-pedaqoji sahədə işinin çoxluğuna baxmayaraq, İlham Axundov uzaq xaricdə Vətənimiz naminə çalışmaqdan usanmır. O, siyasi, iqtisadi, sosial və təhsil sahələri üzrə fəaliyyət göstərən “Kanada–Azərbaycan” Əməkdaşlıq Assosiasiyasının prezidentidir.
2012-ci ildə İ.Axundov Kanada Azərbaycan Araşdırmaları İnstitutunu təsis edib. Məqsəd – Azərbaycanın elmi institutları ilə əməkdaşlığın qurulması, Azərbaycan üzrə araşdırmaların aparılması, materialların nəşri, uğurların təbliği, ölkəmizin tarixi, coğrafiyası, ədəbiyyatı, iqtisadiyyatı, diasporu və mədəni irsi üzrə məlumatlandırma, elmi ictimaiyyət, hökumət nümayəndələri və KİV-lər üçün konfrans, seminar və mühazirələrin təşkil edilməsidir.

Elə həmin il İ.Axundov Toronto Uniuversitetində Azərbaycan tarixinin tədris olunmasına nail olub. Toronto Universitetinin Avropa, Rusiya və Avrasiya Tədqiqatları Mərkəzi (CERES) bu universitetin tələbələri üçün Azərbaycan tədqiqatları üzrə kredit kursu keçirib.

Vətənimizin milli maraqları, Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə daha ətraflı çatdırılması və soydaşlarımızın birliyi naminə o, buradakı bir çox Azərbaycan cəmiyyətlərini və diaspor təşkilatlarını koordinasiya edən "Kanada Azərbaycanlıları Təşkilatları Assambleyası"nın təsis edilməsinə nail olub.
Qeyd edək ki, Dövlətimiz azərbaycanlı alimin göstərdiyi misilsiz xidmətləri yüksək qiymətləndirir. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev elmi, pedaqoji və diaspora fəaliyyətinə görə İlham Axundovu "Tərəqqi" medalı ilə təltif edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi adından soydaşımızı 60 illik yubileyi münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!