Torontoda Respublika Gününə şahmat turniri həsr olunub

30 may 2019

Kanadanın Toronto şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.

"National" sarayında baş tutan turnirə təşkilatı dəstəyi "Seneca Hill Chess" şahmat məktəbi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova və ELTV Media qrupu göstərib.

Turnirin təntənəli açılış mərasimində Azərbaycan tarixini və mədəniyyətini əks etdirən musiqili video-çarx təqdim edilıb, Azərbaycan milli musiqiləri, “Qarabağ şikəstəsi” səsləndirilib.

Turnirdə Kanadada fəaliyyət göstərən müxtəlif şahmat məktəblərinin 70-ə yaxın şagirdi iştirak edib. Qaliblərə kubok və həvəsləndirici mükafatlar təqdim olunub.

Yerli mediaya açıqlamalarında kanadalılar turnir vasitəsilə Azərbaycan tarixi və mədəniyyəti haqqında məlumat əldə etdiklərini bildiriblər.