Ulyanovskdakı Heydər Əliyev adına məktəbdə son zəng çalınıb

29 may 2019

Mayın 25-də tədris ilinin başa çatması münasibətilə Rusiyanın Ulyanovsk şəhərindəki Heydər Əliyev adına 78 saylı orta məktəbdə son zəng mərasimi keçirilib.

Müəllimlərin, məzunların və onların valideynlərinin iştirak etdikləri tədbirə bu tədris ocağının mehriban dostları – Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin (URAMMM) fəalları da qatılıblar. Təntənəli mərasim Rusiya, Azərbaycan və Ulyanovsk vilayətinin bayraqlarının qaldırılması ilə başlanıb.

URAMMM-in sədri İslam Hüseynov tədbir iştirakçılarını təbrik edərək, onlara Heydər Əliyev Fondunun əməkdaşlarının salamlarını çatdırıb: “Siz bu sınağın öhdəsindən yaxşı gəlmisiniz, layiqincə oxumusunuz və bu ili başa vurmusunuz. 78 saylı məktəb şəhərin ən yaxşı tədris ocaqlarından biridir və mən qürur duyuram ki, məhz bu məktəb bizim Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyır. Məktəb bizim xalqlarımızın dostluq məkanılna çevrilib. Sizə həm də Heydər Əliyev Fondunun əməkdaşlarının salamlarını çatdırmaq istəyirəm. Məhz Heydər Əliyev Fondu 2000-ci ildə məktəbin binasının əsaslı şəkildə təmir olunmasını maliyyələşdirib”.

İslam Hüseynov rəhbərlik etdiyi təşkilatın adından fərqlənən şagirdlərə hədiyyələr təqdim edib.

Məktəbin direktoru Gennadi Tsarev təbrik və hədiyyələrə görə URAMMM-ın fəallarına minnətdarlığını bildirib və qeyd edib ki, milli münasibətlərin sağlam inkişafı pedaqoji prosesin prioritetlərindən biridir: “Görkəmli dövlət xadiminin adını daşımaq bizim üçün çox vacib və məsuliyyətlidir. Biz Azərbaycan diasporu ilə dostluğumuzu qiymətləndiririk və ümid edirik ki, qarşıda bizi hələ çox maraqlı müştərək tədbirlər, aksiyalar və layihələr gözləyir”.

Mərasim məktəb əlaçılarının tərifnamələrlə təltif olunması və məzunlarun Rusiya-Azərbaycan dostluğunun rəmzi olan rəngarəng şarların səmaya uçurulması ilə başa çatıb.