Tbilisidə Azərbaycanın və Gürcüstanın Respublika günləri qeyd olunub

27 may 2019

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) Gürcüstanda və Azərbaycanda Demokratik Respublikaların qurulmasının 101-ci ildönümü münasibətilə Tbilisiyə maarifləndirici səfər təşkil edib.

Öncə mərkəzin əməkdaşları, müəllim və tələbə heyəti Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzini ziyarət edib. Burada gənclər “Gürcüstan Demokratik Respublikasının salnamələri” adlı sənədli filmə baxıblar, “Dostluq” sərgisilə tanış olublar, paytaxtda keçirilən tədbirlərə qatılıblar.

Daha sonra GAİM-ın kollektivi şəhərin Botanika bağında yerləşən qədim müsəlman qəbiristanlığını ziyarət ediblər. Onlar Azərbaycan Demokratik Respublikasının (ADR) qurulmasında müstəsna xidmətləri olan Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Məmməd Həsən Hacınskinin qəbirləri önünə əklil qoyublar. Mərkəzin icraçı direktoru Aygül İsayeva gənclərə müsəlman Şərqində ilk demokratik dövlət olan ADR-in tarixi barədə ətraflı məlumat verib.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində isə “Son iclas” bədii-sənədli film nümayiş edilib.