"Vətən uzaqda deyil" konserti tamaşaçılara xoş ovqat bəxş etdi

27 may 2019

Xəbər verdiyimiz kimi, mayın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Vətən uzaqda deyil” adlı konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyilə baş tutan konsert Ümummillli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və 28 May – Respublika Gününün 101-ci ildönümünə həsr edilib.

Konsert öncəsi çxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev ölkəmizdə milli musiqimizin qorunub saxlanmasına və inkişafına böyük töhfələr verən mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğıdan bəhs edib. O, həmçinin Vətənimizin hüdudlarından kənarda yaşayan və Azərbaycan musiqisini bütün dünyada usanmadan və professional səviyyədə təbliğ edən sənətkarlarımıza minnətdarlığını bildirib.

Konsertdə Sergey Raxmaninovun piano və orkestr üçün 3 nömrəli konserti, Abuzər Manafzadənin balaban və simfonik orkestr üçün konserti, Jud Fridman və Alan Riçin “Run to You”, Rauf Hacıyevin “Azərbaycan” mahnıları ifa olunub. İslam Manafovun, Abuzər Manafzadənin, Karen Danger-Manafzadənin, Nicat Məsimovun ifaları tamaşaçılara unudulmaz anlar bəxş edib.

Konserti dirijor Turan Manafzadə idarə edib. Müsiqiçiləri balaban və zərb alətlərində Nicat Məsimov və Mehman Xalıqzadə müşayiət ediblər.